21 December 2014

Это название сайта важное для поисковиков

XƏBƏR

Millət və millət vəkili nə qədər maaş alır?- ARAŞDIRMA

Şərh: 0
Oxunma: 819
Millət və millət vəkili nə qədər maaş alır?- ARAŞDIRMA

Ekspert: “Biz bilirk ki, bu fantastik bir nisbətdir”

 “Mən orta məktəbdə ingilis dili fənnindən dərs deyirəm. Düzü, istirahət günləri də mənim üçün iş günüdü. Repititorluqla məşğul oluram, başqa yolum yoxdu. Aldığım 210 manat nəyə çatar? Uşaqlarımı da repititorluqla saxlamışam, əmək haqqımla yox. Maaşım kommunal xərclərə zorla çatır” - deyir 18 illik stajı olan Sevda Mehdizadə.

Bu gün orta məktəblərdə 150 000 müəllim işləyir. Onlarla yanaşı ali təhsil ocaqlarında dərs deyənlərin də vəziyyəti ürəkaçıcı deyil. 

2010-2011-ci ilin statistikasına görə, dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində 14 min 919 müəllim çalışır. Onların 1243-ü elmlər doktoru, 5695-i fəlsəfə doktoru, 1267 professor, 4280-i dosentdir.

Elmlər namizədi bu dərəcəyə görə 30, elmlər doktoru 50, dosent isə 30 manat alır. Saata görə, müəllimlərin aldığı əməkhaqqına gəlincə, universitetlərdən asılı olaraq bu rəqəm dəyişir. Məsələn, elmlər doktoru orta hesabla dərs dediyi 1 saat üçün 4-5, elmlər namizədi 3-4, dərəcəsi olmayan müəllimlər isə 2-3 manat alırlar.

1 saat üçün 4,5 manat alan elmlər doktoru orta hesabla 20 saat dərs deyərsə, aya 360 manat maaş alacaq, bunun da üzərinə 50 manat elmi dərəcəyə görə aldığı maaşı gəlsək, 410 manat edəcək. Həftəyə 20 saat dərs deyən elmlər namizədinin maaşı isə 280 manata çıxacaq, elmi dərəcəyə görə aldığı maaşla birgə 310 manat edəcək. Heç bir elmi dərəcəsi olmayan müəllim isə həftə ərzində dediyi 20 saata 200 manat maaşla kifayətlənməli olur. Qeyd edək ki, dövlət ali təhsil müəssisələrinin əksəriyyətində ştatda olan müəllimlərə maaşının üstünə 10-50 manat civarında əlavə yardım verilir.

Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyev mətbuatda çıxışlarında deyib ki, Azərbaycanın dövlət ali məktəblərində çalışan professor-müəllim heyətinin hamısının əməkhaqqına, maksimum ayda 1000 manat əlavə olunsa, bu, 1 ildə cəmi 157 milyon 932 min manat təşkil edər: “Bu, büdcə üçün təhlükəli rəqəm deyil”.

Bəs ağ xalatlı mələk hesab olunan həkimlər?

“Mən Sumqayıt 1 saylı xəstəxanada yarımştat, bir özəl xəstəxanada da cərrah işləyirəm. İşim o qədər çox olur ki, ayı, günü belə qarışdırıram. Mənim aldığım əmək haqqı 70 manatdır. Tibb bacısı işləyən bacım da tam ştat işləyir. O,123 manat maaş alır” - deyir Sumqayıt şəhər sakini Qara Qarayev.

Bu ilin dekabr ayından başlayaraq həkimlər orta hesabla ayda 234 manat 30 qəpik, müəllimlər isə 269,5 manat maaş alacaq. Rəsmi statistikaya görə, yaşayış minimumu 95 manatdır. 2013-cü il əməkqabiliyyətli əhali üçün yaşayış minimumu 125 manat, ölkə üzrə 116 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat müəyyən edilib.

İqtisadi Tədqiqatlar Mərkəzi ötən ilin sonunda əməkqabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətini 172 manat 48 qəpik dəyərləndirib. Həmin dəyərləndirməyə görə, bu rəqəm pensiyaçılar üçün təxminən 155 manat, 0-14 yaşlı uşaqlar üçünsə 210 manat olmalıdı.

Evində əlil olan, ya da özləri əlil olan insanlar necə olsun?

“Mənim evimdə 2 əlil var - birinin 50, digərinin də 46 yaşı var. Özüm də ödümdən əməliyyat olunmalıyam, ancaq tək adamam oğlanlarıma baxıram. Hər ikisi də 1-ci qrup əlildi. 68 manat təqaüd alırlar. Evimin sahəsi 12 kvadrat yarımdı. 1990-cı ildən böyük oğlum mənzil növbəsindədir. Müsibət çəkirəm. Bir-biri ilə savaşırlar, ortalığa girirəm özüm döyülürəm. Vəziyyətim çox çətindi. Kimə gedib ağız açım? Heç olmasa 300-400 manat kömək etsinlər» dedi Elmira Cahangirova.”

Deputat Hadi Rəcəbli: "Azərbaycanda 450 mindən artıq fiziki qüsurlu insan var ki, onların da 210 min nəfəri ömürlük əlildir. Dövlət əlillərin sosial müdafiəsi, həmçinin digər insanlarla bərabər hüquqlu yaşaması üçün dəstək göstərir. Lakin, mövcud vəziyyətdə əlillər üçün verilən sosial müavinətlərin həcmi olduqca azdır. Belə ki, I, II və III qrupanadangəlmə əlillərə 18 yaşa qədər 67 manat verilir. 18 yaşın tamamından sonra I qruplar 67, II qrup 55, III qrup əlillər isə 45 manat müavinət alır. Əmək stajı olduqda isə I qruplar 67, II qruplar 50, III qrup əlillər isə 37-40 manat pensiya alır".

İndi keçək Milli Məclis üzvlərinə

Deputatlar “Milli Məclis Deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə dəyişiklik etmək niyyətindədir. Dəyişikliyə əsasən, Milli Məclis sədrinin aylıq vəzifə maaşı 1950 manatdan 2250 manata qaldırılır.

Qeyd edək ki, adıçəkilən qanuna əsasən, MM sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, sədr müavini 85 faizi, komitə və komissiya sədri 80 faizi, komitə və komissiya sədrinin müavini 75 faizi, sıravi deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır. Layihə Milli Məclisin 17 dekabr tarixli plenar iclasında müzakirəyə çıxarılacaq.

Sədrin I müavini 2025 manat (indiyədək 1755 manat olub), Milli Məclis sədrinin müavini 1912,5 manat (indiyədək 1650 manat), Milli Məclisin komitə sədri 1800 manat (indiyədəkj 1560 manat olub), sıravi deputat isə 1575 manat (indiyədək 1365 manat olub) maaş alacaq.

İqtisadçı ekspert Rövşən Ağayevin fikrincə, bu gün cəmiyyətdə təbəqələşmənin real səviyyəsi məlum deyil: “Bu gün bilmirik ki, ölkənin sərvətləri əhalinin ən kasıb 10 faizi ilə ən varlı 10 faizi arasında nə qədər fərqlidir. Biz bilirk ki, bu fantastik bir nisbətdir. Azərbaycanda araşdırılma aparılsa məlum olar ki, gəlirlərin 90 faizi 10 faizin əlində cəmləşib. Gəlirlər siyasəti, sərvətlərin düzgün bölünməsi yoxdur. Yaponiyada müəllimlər dövlət qulluqçuları qədər müavinət alır. Müəllimlərin, həkimlərin millət vəkillərinin sahib olduğu təminatları da yoxdur. Əmək haqqı peşənin cəmiyyət üçün faydalılığına əsasən müəyyənləşdirilməlidir. Müəllimin peşəsinin faydalılığının deputatdan aşağı olmasına məni heç kim inandıra bilməz. Deputatı da müəllim yetişdirir”.

İstənilən normal ölkədə əmək haqqı elə tənzimlənməlidir ki, ayrı-ayrı kateqoriyalar arasında nəzərəçarpacaq kəskin fərq olmasın. Şaxtada işləyənlər çox əmək haqqı ala bilər, ancaq gəlirlər arasında bu cür kəskin fərq ədalətsiz bölgü deməkdir. Bu, dövlətin işidir, o tənzimləyici siyasət yürütməlidir. Minumum əmək haqqı ilə tənzimlənməlidir. İndiki şərtlərlə hökumət 250-300 manat minimum əmək haqqı nəzərdə tutsa orta aylıq əmək haqqı 1000-1200 manat olar. O halda bu cəmiyyətdə qıcıq yaratmayacaq”- dedi R.Ağayev. /"Bizim Yol" qəzeti/

Bugun.az

Bu xəbərə yazılan şərhlər (0)

Xəbər 24

Köşə yazarları